Azərbaycanda tibb təhsilinin və tibb elminin bünövrəsi Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti tərəfindən 1919-cu ildə Bakı Dövlət Universitetinin nəzdində yaradılan Tibb fakultəsində qoyulmuşdur.

1930-cu ildə bütün SSRİ miqyasında Universitetlərin Tibb fakultələrinin Tibb İnstitutuna çevrilməsi haqqında qərar verilmiş və həmin ilin may ayının 9-da BDU-nun Tibb fakultəsinin bazası və onun  elmi-pedoqoji potensialı əsasında 2 fakultədən (mülicə-profilaktika və sanitariya-gigiyena) ibarət  Azərbaycan Dövlət Tibb İnstitutu təşkil edilmişdir. 1991-ci ildə ATİ Universitet statusu almışdır. Fəaliyyət göstərdiyi 90 il ərzində ATU-da 80 mindən çox həkim və əczaçı (provizor) hazırlanıb.

Azərbaycan Tibb Universiteti bu illər ərzində üzərinə düşən məsuliyyəti şərəflə yerinə yetirmiş, bir sıra müvəffəqiyyətlərə imza atmışdır. Belə ki, 1938-ci ildə keçmiş SSRİ-nin birinci dərəcəli ali məktəbləri sırasına daxil olmuşdur. 1996-cı ildə ATU-nun Londonda  çıxan Dünya Ali Məktəbləri  reyestrinə daxil edilməsi, 1998-1999-cu illərdə bu ali tibb təhsili ocağının Avropa universitetlər birliyinin, Beynəlxalq Ali Məktəblər Assosiasiyasının tamhüququlu üzvü seçilməsi Azərbaycanda tibb təhsilinin inkişafına güclü təkan vermişdir.

Azərbaycan Tibb Univerisiteti hazırda dünyanın bir çox inkişaf etmiş ölkələrinin-ABŞ-ın,Almaniyanın, Türkiyənin, İngiltərənin, Rusiya Federasiyasının, Fransanın, İtaliyanın və başqa ölkələrin Universitetləri və onların Tibb fakultələri ilə qarşılıqlı əlaqələr yaratmış, tibb təhsilinin tədrisi , o cümlədən, tibb elminin inkişafı istiqamətində uğurlu nəticələr əldə edilmişdir.

Hal-hazırda ATU-da 62 kafedradan ibarət 4 fakultə fəaliyyət göstərir. Bunlardan Hərbi tibb fakultəsi yeni fakultə olub, əsası  Ulu Öndərin 25 may 2000-ci il tarixli 425 nömrəli Sərəncamına əsasən yaradılmışdır. Universitetdə 6500-dən çox tələbə təhsil alır ki, bunların da 1740 nəfəri xarici vətəndaşlardır. Universitetin nəzdində dörd böyük klinika -Tədris stomatoloji, Tədris Terapevtik, Tədris Cərahiyyə və Onkoloji klinikalar fəaliyyət göstərir. Bu klinikalar dünya standartlarına uyğun şəkildə maddi texniki baza və yüksəkixtisaslı elmi-pedoqoji kadrlarla təmin olunmuşdur. ATU-da hazırda 2404 nəfər xarici tələbə və rezidentlər, magistrlar təhsil alır.Bu göstərici son illərin böyük nailiyyətlərindən olub ATU-nun beynəlxalq aləmdəki reytininin yüksəkliyindən xəbər verir.

ATU-nun məzunlarına dünyanın əksər ölkələrində rast gəlmək olar.Onların hamısı Azərbaycan Tibb Universitetini özlərinə  “Alma mater” hesab edir, onunla sıx əlaqə saxlayırlar.

Azərbaycan Tibb Universitetinin fəaliyyəti hər zaman Ulu Öndər Heydər Əliyev tərəfindən yüksək qiymətləndirilmişdir. Belə ki, 1980-ci ildə institutun 50 illik yubileyində  onu  “Qırmızı Əmək Bayrağı” ordeni təltif etmişdir. Bu ənənə ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2019-cu ildə Bakı Dövlət Universitetinin, eləcə də onun Tibb fakultəsinin yaranmasının 100 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalamışdır. Həmçinin, 2020-ci il may ayının 14-də cənab prezident İlham Əliyev Azərbaycan Tibb Universitetinin  90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.